
Əcəmi Əbubəkr oğlu Naxçıvani - Mənşəcə Azərbaycan türklərindən olan, XI-XII əsrlərdə Azərbaycanda yetişmiş və dünya şöhrəti qazanmış memar, Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifidir. Əcəmi Naxçıvani, orta əsrlər Azərbaycanının dahi memarı kimi şöhrət qazanmışdır. Tanınmış sənətşünaslardan Ə.V.Salamzadə onun haqqında yazır: "Yaxın Şərqin bir çox memarlarının yaradıcılığına onun təsirini izləmək çətin deyil. Onun yaratdığı nadir arxitektura əsərləri əsrlər keçməsinə baxmayaraq, böyük estetik həzz mənbəyi kimi sənətkarın yaradıcı dühasının gücünü əks elətdirir.
Əcəmi öz ömrünü İraq Sultanlığında - Azərbaycan Atabəylər dövlətinin ərazisində yaşamışdır. Bu dövlətin mərkəz şəhərlərindən biri də Naxçıvan idi. Tarix öz qoynunda Əcəminin həyatı haqda onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsərinin-İl-Dənizin xanımı Mömünə Xatun türbəsi üzərində belə yazmışdı:
"Biz gedəriyik. Dünya əbədi qalandır. Biz gedəcəyik, dünya qalacaq. Biz ölərik - bu, bizdən xatirə qalar. İlahi, bəd nəzərdən uzaq elə."

XIII əsr mənbələri onun "şeyxül-mühəndisin" (mühəndislər başçısı) rütbəsi daşıdığından xəbər verir. Əcəmi dövründə Naxçıvanda 250 min nəfər əhali yaşayırdı. Xatırlanan meydandan dövrümüzə gəlib çıxmış tikililər arasında ən qədimi xalq arasında Atababa Günbəzi adlanan Yusif Küseyir oğlu türbəsidir. Türbənin məzar hissəsi yerin altındadır. Yerüstü qülləvari hissə piramida formalı səkkizguşəli çadır şəklində işlənmişdir. Məqbərənin çölə baxan tərəfi kərpic bloklarla hörülmüş naxışlarla bəzədilmişdir. Abidənin giriş hissəsində kufi xətti ilə yazılıb:
"Bu, şərəfli dinimizin məşhur rəisi, İslamın gözəlliyi, şeyxlər başçısı Hacı Yusif ibn Küseyrin məqbərəsidir. Şəvval ayı yeddinci, əllinci və beş yüzüncü il (557/1162-ci il)."Məqbərənin üzərində kufi xətti ilə Qurandan dekorativ ayələr yazılmışdır. Girişin sol tərəfində memarın adı həkk olunmuşdur: "Əcəmi ibn Əbubəkr Naxçıvani."
Azərbaycanda daha gözəl və daha möhtəşəm bir məqbərə isə Mömünə Xatunun şərəfinə salınmış və xalq arasında Atabəy Gümbəzi kimi məşhur olan xatirə abidəsidir. Mömünə xatun Atabəy Şəmsəddin Eldənizin birinci arvadı idi və Azərbaycan Atabəylər dövlətinin yaranması, möhkəmləndirilməsi üçün çox böyük işlər görmüşdü. Bu məqbərə də yeraltı və yerüstü hissələrdən ibarətdir. Birinci qismə xatunun məzarı, ikinci hissəyə isə xatirə abidəsi daxildir. Məqbərə öz formasına görə kəshik onbucaqlını xatırladır. Giriş üçün nəzərdə tutulmuş fasadı çıxmaq şərti ilə qalan bucaqların hamısı eyni cür işlənmiş və naxışlarla bəzədilmişdir. Məqbərənin üzərində kufi xətti ilə Qurandan ayələr həkk olunmuş haşiyə yerləşdirilib. Təqribən bir metr hündürlüyündə olan bu yazı minalanmış kərpiclərlə işlənmişdir və məqbərənin bəzəyi sayılır. Hündürlüyünə və monumentallığına baxmayaraq, məqbərə çox zərif və dikdir. Bu da onun qadın şərəfinə ucaldıldığından xəbər verir. Bu məqbərəyə baxanda istər-istəməz adamın yadına Hindistan arxitekturasının ölməz incisi Tac-Mahal düşür. Həmin kompleks də qadın - Mümtaz Mahalın (1648-ci il) şərəfinə, həm də Cahan adlı türk hakimi tərəfindən ucaldılmışdır.

İslam dini canlıların heykəlini qoymağı qadağan etdiyindən Şərqdə yüksək qülləli məqbərələr Qərbi Avropadakı qəbirüstü abidələri əvəz edirdi. Bu tikililərin məzarlıq hissələri yerin altında olur, yerüstü hissəsi isə bəzən hətta 30 metrə qədər yüksələrək, öz gözəlliyi və ifadəliliyi ilə dəfn olunmuş şəxsin xatirəsini əbədiləşdirməyə xidmət edirdi.Böyük memar hər iki əsərində həmin qayəni yüksək sənətkarlıqla gerçəkləşdirə bilmişdi.
Piştağ 1187-ci ildə, Mömünə Xatun türbəsindən bir il sonra tikilmişdir. Mütəxəssislər təsdiq edirlər ki,qoşa minarəli portal kompozisiyası ilk dəfə Əcəmi tərəfindən tətbiq edilmişdir. Sonralar müsəlman dünyasının bir çox ölkələrində bu kompozisiyaya tez-tez rast gəlinir.
Əcəminin xatırladığımız tikililərinin ümumi kompleksinə nəhəng bir Cümə məscidi (Cümə məscidi (Naxçıvan))də daxil idi. Bu məscidin təsviri fransız səyyahları Tavernye və Delafruanın qeydlərindəki şəkillərdə verilmişdir. Əcəminin yaradıcılığı uzun əsrlər boyunca Azərbaycanın və dikər ölkələrin bir çox memarları üçün ilham və təqlid mənbəyi olmuşdur. Hətta Əcəmidən 300 il sonra yaşamış Böyük Türkiyə memarı Memar Sinanın əsərlərində də tədqiqatçılar dahi ustadın təsirini qeyd edirlər. Qoy çağdaş memarlar da Əcəminin devizini yaddan çıxarmasınlar:
"Biz öləcəyik, bu əsərlərsə xatirə kimi qalacaq."
Bakıda Əcəmi Əbubəkr oğlu Naxçıvaninin şərəfinə Bakı metropoliteninin stansiyalarından biri "Memar Əcəmi" adlandırılmışdır.
Mənbə: Azərbaycan Sovet Enshiklopediyası, IV cild, səh.260

Xahiş edirəm ki, ən azı bir abzas oxuduqdan sonra fikrinizi bildirin!!!
Təşəkkür edənlər: (24) Login X, Lunam, ayshan, Р Влегант, SWEET, emerald_z, FATEH_0, SALOME, Mix_az_li, Whatever Happens, Mayta, xuliqanka001, Massimo, MEGADRAGON, _Nina_, Splendid_Girl, Financer_001, ASHKSIZ_PRENS, _stilyawka_, Secret_Man, TARKANFAN, EshKIYA, Shems_01, Morena |